Ağırlığım - uğurluğum hamısı bu odda yansın

Ağırlığım - uğurluğum hamısı bu odda yansınNovruz bayramı — Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün, çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında "haxışta", "bənövşə", "kos-kosa" oynayırlar.

Novruz bayramında süfrədə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur.

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:

1. Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.

2. Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.

3. Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".

4. Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir. Səməni xonçaları bəzəmək.

5. Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.

6. Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.

7. Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.

8. Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.

9. Novruz oyunları oynamaq. Məsələn, ənzəli.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Bu bayram günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirik!
Ağırlığım - uğurluğum hamısı bu odda yansın


f Paylaş20 mart 2015 , Baxılıb: 363


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti