Prostat vəzi xərçəngi

Prostat vəzi xərçəngiProstat vəzinin xərçəngi dünyada geniş yayılmış xəstəliklər sırasındadır. Bu xəstəlik nisbətən yaşlı kişilər arasında yayılmışdır. Xəstəliyin əmələgəlmə səbəbləri dəqiq müəyyən edilməsə də bəzi faktorların bu xəstəliyin yaranmasına təsiri müəyyən edilmişdir.
Həkimlərin fikrincə bu xəstəliyə yaş faktoru, kişi cinsiyyət üzvlərinin uzun müddətli iltihabi xəstəlikləri, irsi faktorlar, zərərli istehsalat sahələrində işləmək və zərərli vərdişlərin (nikotin və spitli içki qəbulu və s.) olması ciddi təsir göstərə bilər.
Bu xəstəlik digər xərçəng xəstələrində olduğu kimi ilkin mərhələdə özünü biruzə vermir. Bir müddət sonra yaranmış şişin ölçülərinin böyüməsi nəticəsində sidik kanalında sıxılma müşahidə olunur ki, bu da sidik ifrazını çətinləşdirir, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi hallar da yarana bilir, gün ərzində sidik ifrazı 15-20 dəfəyə çatır (normalda 4-6 dəfə olmalıdır).Şişin ölçüsü böyüdükdə xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər. Prostat vəzinin xərçəngi sonrakı dövrlərində limfatik düyünlərə, sümüklərə, ağ ciyərlərə, qaraciyərə də metastaz verə bilər.
Prostat vəzi xərçənginin müalicə üsulunu seçərkən həkim xəstəliyin inkişaf mərhələsini, xəstənin yaşını, fəsadların baş vermə təhlükəsini və s. bu kimi xüsusiyyətləri nəzərə alır.

Müalicə üsulları:

1. Gözləmə taktikası. Bu üsul xərçənglə yanaşı digər ağır xəstəlikləri olan yaşlı kişilərdə tətbiq edilir. Bu zaman həkim xəstəyə heç bir müalicə yazmır. Ancaq daimi həkim nəzarətində olan xəstədə mütəmadi olaraq qanda prostat spesifik antigenin (PSA) səviyyəsi təyin edilir və prostat vəzinin USM-i aparılır;

2. Cərrahi müdaxilə. Prostat vəzinin xaric edilməsi bu xəstəliyin əsas müalicə üsuludur. Hazırkı dövrdə kişinin həm cinsi funksiyasını və həm də sidiyi normal saxlamaq xüsusiyyətini qoruyan cərrahi əməliyyatın texniki cəhətdən icra edilməsi üsulu işlənilib hazırlanmışdır;

3. Şüa ilə müalicə. Radiasiyadan istifadə etməklə bədxassəli şiş dağıdılır. Bu zaman şüalanmaya məruz qalan hüceyrələrin DNK quruluşu pozulduğu üçün onlar çoxalma xüsusiyyətlərini itirmiş olur, qocalaraq məhv olurlar;

4. Krioterapiya – bədxassəli şiş toxuması hüceyrələrinin aşağı temperaturun təsiri ilə məhv edilməsi;

5. Hormonal terapiya – bu zaman kişi cinsi hormonlarının təsirini təcrid edən dərman preparatlarından istifadə edilir. Hormonal terapiyadan, digər üsullardan heç birinin tətbiq edilməsi mümkün olmadıqda istifadə edilir.

Qeyd: Prostat vəzi hüceyrələrinin xərçəng hüceyrələrinə keçməsinə səbəb olan faktorlar xeyli çox olduğundan, demək olar ki, heç bir kişi risk (təhlükə) qrupundan kənarda deyil və onlar ildə 2 dəfədən az olmayaraq profilaktik müayinədən keçməlidirlər!


f Paylaş1 aprel 2015 , Baxılıb: 381


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti