Qurban Bayramı bizə nəyi öyrədir?

Qurban Bayramı bizə nəyi öyrədir?Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki ən böyük bayramından biridir.

Yəni İslama görə ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun biri Qurban bayramıdır. Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan Bayramının mühümlüyü başa düşülsə də, çox vaxt qoyun və qoç kəsməklə məhdudlaşan Qurban Bayramının vaciblik dərəcəsini heç də hamı başa düşə bilmir. Molla Nəsrəddin demişkən, min illərdir qeyd olunan bu bayram elə bir qoyunun üstündəmi bərqərardır?

Bu suala ən yaxşı cavab Əli Şəriətinin "Həcc" kitabının "Qurbanlıq" bölümündə verilib. Qurban Bayramı sadəcə Allah yolunda heyvan kəsmək deyil. Qurban Bayramı Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur.

Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah yolunda çalışan,mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal dövlətindən, ailəsindən keçməyə hazır olan, oda atılaraq yandırılmağa məhkum edilən, lakin Allahın möcüzəsi ilə oradan saq çıxan Hz. İbrahim qoca yaşlarına qədər övlad sahibi ola bilmir, həyatın bəlkə də bu ən şirin nemətindən məhrum olur. Lakin qoca vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmail adında oğlu olur. Hz. İbrahim bütün məhəbbətini ona salır, İsmaili qoca vaxtında ona verilmiş nemət hesab edir. Lakin hələ bilmir ki, İsmail, ona verilmiş son və ən mühüm sınaqlardan biri olacaq. Elə bir sınaq ki, əvvəllər əqidəsinə, Allahın əmrinə görə vətənindən didərgin düşməsi, təqib olunması, oda atılaraq yandırılması bu sınağın yaninda kiçik görünəcək.

İsmail böyüyüb cavan oğlan olur. Atasının fəxr yerinə çevrilir. Atası onun gələcəyi haqda nələr düşünür.. Və belə bir vaxtda, Allah təala Hz. İbrahimə vəhy göndərərək onun son sınağını elan edir – İsmail Allah yolunda qurban kəsilməlidir. Atanın nə hisslər keçirdiyini təsəvvür etmək doğurdan da çətindir. Şeytanın onu bu addımdan çəkindirməsi üçün nələrə əl atdığı da məlumdur. Şeytan İbrahimin ata hissləri ilə oynayaraq bu əmrdən imtina etməyə, İsmaili can sevgisi ilə şirnikləndirərək atasından onu qurban kəsməməyi tələb etməyə, İsmailin anası Hacəri də oğlunu İbrahimlə buraxmamağa çağırır. Lakin çox böyük dəyərlər – həyat və övlad məhəbbəti ilə Allah əmri arasında seçim zorunda qalan bu üç nəfərin heç biri ona tabe olmur və hamısı Allahın əmrinə boyun əyir.

Sınaq, Hz. İbrahim bıçağı İsmailin boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. Yalnız bundan sonra Allah təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmailin əvəzinə qoç kəsməyi tapşırır.

Ömrü boyu dünyaya qiymət verməyən Hz. İbrahim, beləcə, bu dünyada ən sevdiyi yeganə nemət ilə - oğlu ilə imtahan olunur və Allah yolunda oğlundan da keçməyə hazır olduğunu nümayiş etdirir.

Hər birirmiz də beləyik. Bu dünyada nəyisə sevirik. Nə isə bizim üçün həyati əhəmiyyətə malikdir. Kim üçünsə pul, mal dövlət, kiməsə vəzifə, şöhrət, kim üçünsə başqa bir şey. Hərəmizin qəlbində bu dünyada sevdiyimiz bir və ya daha çox "İsmailimiz" var. Qurban Bayramı bizə həmin daxildəki "İsmaildən" Allah yolunda keçməyə hazır olmağı öyrədir. Hz. İbrahim özündən sonra gələn bütün İbrahimi dinlər ardıcıllarına, ilk növbədə isə bu dini ən kamil surətdə qoruduğumuzu iddia edən biz müsəlmanlara möhtəşəm bir dərs verib. Bu dərs - Allahın əmri olan yerdə, bu dünyaya bağlı hər bir şeydən, nə qədər dəyərli olursa olsun keçməyə hazır olmaq və keçmək dərsidir. Bu dərs imtahanın heç bir zaman qurtarmaması dərsidir, bu dərs Allaha ən ali yaxınlıq Günü(1) dərsidir.

Məhz buna görə də Allah təala bu günü ilin digər günləri içindən seçərək iki böyük bayramından biri elan etmiş, İbrahimin bu qurbanının xatirəsini yaşatmağı və lazım gəlsə yaşaya bilməyi bizə tövsiyyə etmişdir.

Allahdan bizi çəkə bilməyəcəyimiz imtahanla vəzifələndirməməyimizi xahiş edir, hamınızın qarşıdan gələn Qurban Bayramını təbrik edirəm.

(1)"Qurban" - ərəbcə "qürb" – "yaxınlıq" sözünün ən yüksək məqamıdır və "(Allaha) ən yüksək dərəcədə yaxın olmaq" mənasını verir./islam.az/


f Paylaş24 sentyabr 2015 , Baxılıb: 441


Həmçinin oxuyun

mp3 yukle
Mp3 yukle sayti